Göygöl rayonunun Hacıməlik kəndində son illərdə müşahidə olunan müsbət dəyişikliklər, abadlıq işləri və ictimai təşəbbüslər birbaşa yerli idarəçiliyin düzgün və səmərəli qurulmasının nəticəsidir. Bu mənada kənd ərazi bələdiyyəsinin sədri Amil Hüseynov öz fəaliyyətində xalqa yaxınlığı, məsuliyyətli yanaşması və dürüst idarəçiliyi ilə seçilən rəhbərlərdən biridir.
Amil Hüseynov fəaliyyətə başladığı gündən etibarən kəndin sosial-iqtisadi inkişafı, sakinlərin məişət problemlərinin həlli və ictimai rifahın yüksəldilməsi üçün böyük əzmlə çalışır. O, rəhbərlik etdiyi ərazidə yaşayan hər bir vətəndaşın müraciətini diqqətlə dinləyir, onların real ehtiyaclarına uyğun şəkildə bələdiyyənin resurslarını səfərbər edir.
Hacıməlik kəndində infrastrukturun müasirləşdirilməsi, yolların təmiri, içməli su xətlərinin yenilənməsi, tullantıların mütəmadi daşınması və yaşıl zonaların artırılması kimi işlər Amil Hüseynovun rəhbərliyi altında ardıcıl həyata keçirilir. Kənd sakinləri onu məsuliyyətli, prinsipial və eyni zamanda, dəyərli insani keyfiyyətlərə malik rəhbər kimi tanıyırlar. Onun əsas məqsədi – bələdiyyəni formal idarəetmə orqanı deyil, xalqın real dayağına çevirməkdir.
Amil Hüseynovun fəaliyyətində xüsusi yer tutan məqamlardan biri də şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və ehtiramdır. O, Hacıməlik kəndindən olan qəhrəman şəhidlərin ailələrinə mütəmadi baş çəkir, onların sosial və məişət qayğılarını şəxsi məsələ kimi qəbul edir. Qazilərlə də sıx təmasda olan sədr onların sağlamlığı, məşğulluğu və sosial təminatı ilə yaxından maraqlanır. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın ailələri ilə birlikdə olmaq, onların yanında durmaq Amil müəllim üçün təkcə vəzifə borcu deyil, həm də vicdani məsuliyyətdir.
Amil Hüseynov həmçinin kənddə gənclər siyasətinə, idmana və mədəni tədbirlərin təşkili işinə də dəstək verir. O, gənclərin sağlam vətənpərvər ruhda yetişməsi üçün müxtəlif təşəbbüslərlə çıxış edir, eyni zamanda yaşlı nəslin təcrübəsindən faydalanmağı da unutmur.
Onun rəhbərliyi altında Hacıməlik kəndində bələdiyyə orqanı təkcə idarəedici qurum kimi deyil, eyni zamanda sosial dayaq nöqtəsinə çevrilmişdir. Amil Hüseynovun vicdanla gördüyü işlər, xalqa xidmət etmək arzusu və vətənpərvərlik mövqeyi onu nümunəvi rəhbərlər sırasına daxil edir.