Türkiyənin cənub-şərqindəki Şanlıurfa vilayətində yerləşən “Göbəkli-Təpə” məbəd kompleksini ziyarət edən turistlərin sayı rekord səviyyəyə çatıb.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, dünyada ən qədim meqalit tikililərdən biri hesab edilən “Göbəkli-Təpə” məbəd kompleksini ötən gün 11 454 yerli və əcnəbi turist ziyarət edib. Bu göstərici bir gün ərzində komplekslə tanış olan ən yüksək turist sayıdır.
Nazirlik, 2018-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş “Göbəkli-Təpə” məbədinə maraq göstərən bütün turistlərə təşəkkürünü bildirib.
Xatırladaq ki, 2019-cu ilin martında kompleksin açılışında iştirak etmiş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmin ilin ölkədə “Göbəkli-Təpə İli” elan edilməsi barədə Sərəncam imzalayıb.
Açılışdan bu günə qədər “Göbəkli-Təpə” məbəd kompleksini ümumilikdə 2,5 milyondan çox turist ziyarət edib.