Eldəniz Həsənov
Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin rəisi, polis mayoru Zaqafqaziya Seyminin Osmanlı imperiyasına müharibə elan etməsi, eləcə də azərbaycanlıların soyqırımına məruz qalması Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını zəruri etdi. 26 may 1918-ci il tarixində keçirilən Zaqafqaziya Seyminin son iclasında Gürcüstanın federasiyadan çıxması haqqında bəyanatından sonra Zaqafqaziya Seymi özünün buraxıldığını elan etdi.
Mayın 27-də Azərbaycan fraksiyası M.Ə.Rəsulzadənin sədrliyi ilə Müvəqqəti Milli Şura yaratdı.
28 may 1918-ci il tarixində Milli Şura tərəfindən Azərbaycanın dövlət müstəqilliyi elan edildi və “İstiqlal Bəyannaməsi” qəbul olundu.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) və ya Azərbaycan Demokratik Respublikası (ADR) - Birinci Dünya müharibəsindən sonra Şimali Azərbaycanda yaranmış müstəqil dövlət, Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikası olmuşdur. Onun paytaxtı əvvəlcə Gəncə, sonra Bakı şəhəri olmuşdur. AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113,9 min kv. kilometrini əhatə edirdi. AXC-nin əhalisi təqribən 2,9 milyon idi. AXC dövlət hakimiyyəti üç qoldan ibarət idi:
1). Azərbaycan parlamenti;
2) Hökumət;
3) Məhkəmə hakimiyyəti.
Dövlət parlamentin qəbul etdiyi qanun və qərarlar əsasında idarə olunurdu. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən sayları çox az olan xalqlar da öz deputatları ilə təmsil olunurdular. Hökumət parlament qarşısında cavabdeh idi. AXC hökuməti 1918-ci ilin 28 mayından 16 iyuna qədər Tiflisdə, 16 iyundan 17 sentyabra qədər Gəncədə, 17 sentyabrdan 1920-ci ilin 28 aprelinə qədər isə Bakıda fəaliyyət göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən, müstəqil dövlət kimi tanınmışdı.
Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması şəraitində baş vermişdir. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçilmişdir.
1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirilmiş və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edilmişdir. Həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edilmişdir...
1918-ci ilin yayında Azərbaycanda siyasi vəziyyət ikihakimiyyətliliklə səciyyələnirdi və istiqlaliyyət uğrunda mübarizə bu şəraitdə gedirdi. Azərbaycanın şərq hissəsində - Bakı quberniyasında Bakı Xalq Komissarları Soveti fəaliyyət göstərirdi. Bölgənin qərb hissəsi isə (Gəncə quberniyası) Azərbaycan Xalq Cümhuriyyəti milli hökumətinin hakimiyyəti altında idi.
4 iyunda Azərbaycan və Osmanlı İmperiyası arasında Sülh və Dostluq müqaviləsini imzalandı və az sonra Türk ordusu Azərbaycana, Gəncəyə daxil oldu. 1918-ci il iyun ayının 16-da Milli Şuranın üzvləri və Azərbaycan Cümhuriyyəti hökuməti Tiflisdən siyasi vəziyyətin çox ziddiyyətli olduğu Gəncəyə köçdü. 1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi və altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli və birbaşa səsvermə əsasında seçilmiş Müəssislər Məclisinin çağırılması vəzifəsi irəli sürüldü.
İyunun 23-də Fətəli xan Xoyski Azərbaycan əhalisinə çağırışla müraciət etdi; həmin gün hökumət respublikanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci və 15-ci diviziyaları göndərildi. Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda ağ aypara və səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. Noyabrın 9-da bu bayraq, ağ aypara və səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı və yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi “türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını və İslam sivilizasiyasını təmsil edirdi”.
27 iyunda Qafqaz İslam Ordusu Göyçay ətrafında Bakı Soveti qoşunları üzərində qələbə qazandı. Həmin gün Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. İyulun 10-da Kürdəmir və Şamaxı Qafqaz İslam Ordusu tərəfindən azad edildi. 25 iyulda Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərar qəbul edildi. 31 iyulda isə Bakı xalq Komissarları Şurasının süqutu baş verdi. Avqustun 1-də Sentrokaspi Diktaturası və Bakı fəhlə və əsgər deputatları Soveti Müvəqqəti Komitəsi Rəyasət Heyəti Hökumətini yaratdılar. 1918-ci il avqust ayının 4-də Ənzəlidən gəlmiş polkovnik S.Stoksun komandanlıq etdiyi ilk Britaniya dəstəsi Bakıya girdi. Avqustun 11-də Azərbaycan hökuməti ümumi səfərbərlik haqqında qərar qəbul etdi.
Avqustun 26-da Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında Bakı döyüşü baş verdi. Sentyabrın 15-də Qafqaz İslam Ordusu qüvvələri Bakını azad etdi.
Noyabrda Azərbaycan Milli Şurası bərpa olundu və Qori Seminariyasının Azərbaycan bölməsi Qazaxa köçdü. Noyabrın 17-si Azərbaycana müttəfiq qoşunlar daxil oldu...
Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk təsis iclası 1918-ci il dekabr ayının 7-də Bakıda Tağıyev qız məktəbində oldu. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti 11 fraksiyadan - 1. Müsavat və Bitərəflər fraksiyası (39 üzv),
2. İttihad fraksiyası (15 üzv),
3. Əhrar fraksiyası (8 üzv),
4. Sosialistlər fraksiyası (14 üzv),
5. Bitərəflər (4 üzv),
6. Müstəqillər (4 üzv),
7. Sol müstəqil (1 üzv),
8. Slavyan - Rus İttifaqı fraksiyası (5 üzv),
9. Milli azlıqlar fraksiyası (7 üzv),
10. Erməni fraksiyası (5 üzv),
11. Daşnaksütyun fraksiyası (7 üzv) ibarət olmuşdur. Parlamentdə fəaliyyət göstərən fraksiya və qruplar arasında ən iri və aparıcı fraksiya milli mənafelərin daşıyıcısı olan Müsavat fraksiyası idi;
ikinci iri fraksiya isə İttihad fraksiyası idi.
Parlamentdə ifrat solçu mövqedən çıxış edən fraksiyalardan biri də Sosialistlər bloku idi. Onlar Azərbaycanın Rusiya Sovet Federativ Sosialist Respublikasına birləşdirilməsini, yalnız Qırmızı ordunun Azərbaycana əsl azadlıq gətirə biləcəyini, iqtisadi və sosial islahatların yalnız sosializm quruluşu şəraitində mümkün olacağını təbliğ edirdilər. Bu blok Şimali Azərbaycanı yenidən işğal etməyi qarşısına məqsəd qoymuş bolşeviklərin əlaltısı rolunu oynayırdı. Ermənilər Parlamentdə iki fraksiya ilə təmsil olunsalar da, əslində bir mövqedən çıxış edirdilər.
Parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi (Azərbaycanın istiqlalının və Bakının azad olunmasının 1-ci ildönümləri münasibətilə 1919-cu il 28 may və 15 sentyabr tarixli iclasları); dördü təntənəli (rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə 1919 və 1920-ci il martın 12-də, Azərbaycanın Gürcüstanla hərbi əməkdaşlıq müqaviləsinə həsr olunmuş 1919-cu il 27 iyun və Paris sülh konfransı tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə 1920-ci il 14 yanvar iclasları); ikisi isə fövqəladə iclaslar (Ermənistanın Gürcüstana müharibə elan etməsi ilə əlaqədar 1918-ci il 20 dekabr tarixli və Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə 1920-ci il 17 mart tarixli) olmuşdur. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə vəziyyəti, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və s. məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan qanun layihələr, bir qayda olaraq, yalnız üçüncü oxunuşdan sonra qəbul edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış, onlardan 230-u qəbul edilmişdir. Parlamentin fəaliyyəti onun Nizamnaməsi rolunu oynayan “Azərbaycan Parlamentinin nakazı (təlimatı)” ilə tənzimlənirdi.
Parlamentdə 11 komissiya (Maliyyə-büdcə komissiyası; Qanunvericilik təklifləri komissiyası; Müəssislər Məclisinə seçkilər keçirmək üzrə mərkəzi komissiya; Mandat komissiyası; hərbi komissiya; Aqrar Məsələlər komissiyası; Sorğular üzrə komissiya; Təsərrüfat-sərəncamverici komissiya; Ölkənin məhsuldar qüvvələrindən istifadə üzərində nəzarət komissiyası; redaksiya komissiyası; Fəhlə Məsələləri üzrə komissiya) fəaliyyət göstərirdi.
Mövcud olduğu 23 ay ərzində Cümhuriyyət Hökuməti bir sıra cari təsərrüfat məsələlərinin həllində mühüm uğurlar qazanmışdı. Azərbaycanda neft sənayesi ağır vəziyyətdən çıxarılmış, dağıdılmış Bakı - Batum neft kəməri bərpa olunmuş, Bakı - Culfa dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzərində körpü salınmış, Azərbaycan Dövlət Bankı yaradılmış, milli pul nişanları buraxılmış, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirilmişdir. AXC müstəqil məhkəmə sisteminin yaradılması sahəsində də mühüm tədbirlər həyata keçirmişdir...
Azərbaycan Hökumətinin xarici iqtisadi fəaliyyətində reallaşdırmağa çalışdığı başlıca vəzifələrdən biri əhalinin zəruri mallara olan ehtiyacını təmin etməkdən və xəzinənin gəlirlərini artırmaq üçün əlavə mənbələr axtarıb tapmaqdan ibarət idi. Belə əlavə mənbələrdən biri də gömrük gəlirləri idi. Bu və ya digər məhsulun xaricə satışına icazə verilməsi və ya onun qadağan edilməsi zamanı həmin məhsulun əhali üçün nə dərəcədə gərəkli olması, Hökumətə nə qədər gəlir gətirməsi halları diqqətlə nəzərə alınırdı. Hökumətin hazırladığı 1919-cu il 20 fevral tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi (Cümhuriyyət dövründən qabaq xaricə spirtli içkilərin satışı qadağan olunmuşdu. Bu da təsərrüfatların və Hökumətin maliyyəsinə olduqca mənfi təsir göstərmişdi). Hökumət hesab edirdi ki, xaricə spirt satışında nəinki dövlət xəzinəsi və araq çəkməklə məşğul olan adamlar, həmçinin bütün əhali maraqlıdır. Öz təsərrüfat məhsulları olan üzümü və tutu şərab zavodlarına satmaq onlara əlverişli idi. Bu qanun layihəsini işləyib hazırlayarkən Hökumət onu da nəzərdə tuturdu ki, əhali üçün spirt ancaq texniki və tibbi məqsədlər üçün zəruridir.
Nəqliyyat. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ərəfəsində ölkədə quru və su yolları, xüsusən də dəmir yolu və boru kəmərləri nəqliyyat əlaqələrində mühüm rol oynayırdı. Bu dövrdə dəmir yollarının ümumi uzunluğu 954,2 km idi. Onun 498,2 km-i Bakı - Böyük Kəsik, 87,8 km-i Biləcəri - Yalama, 189,2 km-i Uluxanlı-Culfa, 51,2 km-i Ələt-Zubovka, 27,1 km-i Bakı-Balaxanı, Sabunçu-Suraxanı xətlərinin payına düşürdü. Həmin dövrdə iqtisadi və ticarət əhəmiyyətli şose və torpaq yolların sıx şəbəkəsi də mövcud idi. Bu tipli yolların ümumi uzunluğu 4169,1 km, o cümlədən şoseləşdirilmiş yolların uzunluğu 1507,3 km idi.
Ədəbiyyat. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün öz böyük poeziyası, nəsri, dramaturgiyası və publisistikası olmuşdur. Cümhuriyyət dövrünün ədəbiyyatını ilk dəfə araşdıran və dəyərləndirənlər də elə Cümhuriyyəti və onun mədəniyyətini yaradanların özləri olmuşlar. Ədəbi prosesi tənzim edənlər və yaradanlar-Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, sədr müavini Həsən bəy Ağayev, Cümhuriyyət hökumətinin sədri Fətəli xan Xoyski, həmçinin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Əhməd Cavad, Abdulla Şaiq, Salman Mümtaz, Əliabbas Müznib və başqaları idilər. Xüsusən, “Cümhuriyyət şairi” Əhməd Cavadın, Əli Yusif, Ümmügülsüm, Əmin Abid Mütəllibzadə, Cəfər Cabbarlı, Bədri Seyidzadə, Davud Ağamirzadə, Əli Şövqi Şeyxzamanov kimi gənclərin şeirləri el arasında sürətlə yayılır, marşa, himnə, nəğməyə çevrilirdi. Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Yusif Vəzir Çəmənzəminli, Seyid Hüseyn, Abdulla bəy Divanbəyoğlu və başqaları pedaqoji işdə, publisistika sahəsində, dövlət işlərində çalışır, siyasi həyata qoşulurdular. Firidun bəy Köçərlini, Yusif Vəzir Çəmənzəminlini, Seyid Hüseyni və Salman Mümtazı daha çox ədəbiyyat tarixi məsələləri düşündürürdü. Salman Mümtaz Azərbaycanın klassik şairlərinin əsərlərini toplayırdı. Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Ömər Faiq Nemanzadə, Eynəli bəy Sultanov, Hüseyn Minasazov və başqaları Tiflisdə çalışırdılar.
Mətbuat. 1918-1920 illərdə Azərbaycanda ideoloji mübarizənin bütün ağırlığı publisistikanın üzərinə düşürdü. Milli publisistikanın əsasında xalqın gələcəyi ilə bağlı böyük siyasi-ictimai konsepsiya dayanırdı. Bu konsepsiya XX əsrdə Azərbaycanda intişar tapmış “türkləşmək, islamlaşmaq, müasirləşmək” idealına əsaslanırdı. 1918-1920-ci illər mətbuatı ideya istiqaməti baxımından Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuat, Cümhuriyyət Hökumətinə müxalifətdə olan bolşevik mətbuatı, bolşevik mətbuatı ilə müxalifətdə olan eser-menşevik mətbuatı, özünü bitərəf adlandıran və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar, lakin onların içərisində daha real həyat qüvvəsinə və geniş oxucu auditoriyasına malik olanı Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən və dəstəkləyən mətbuat idi. Cümhuriyyət Hökuməti dövründə Bakı, Gəncə, Şuşa, Tiflis, İrəvan və digər mədəni-inzibati mərkəzlərdə çıxan mətbuat nümunələri təkcə Azərbaycan-türk dilində deyil, rus, gürcü, erməni, polyak, fars, alman və qeyri dillərdə də nəşr edilirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İstiqlal” (1918-1920), “Azərbaycan” (1918-1920), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq” (1917- 1919), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918), “Şeypur” (1918-1919), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. Bu dövrdə nəşr edilən “Gənclər yurdu”, tələbə və müəllimlərə aid “Əfkari-mütəəllimin”, elm və incəsənət xadimlərinin “Mədəniyyət” kimi qəzet və jurnallarda milli dirçəliş naminə təhsil, elm, maarif və mədəniyyətin inkişafına, milli ruhlu yeni nəslin yetişdirilməsinə, eyni zamanda, ölkədə baş verən ictimai-iqtisadi, siyasi hadisələrə dair məqalələr, oçerklər dərc olunurdu...
***
Həm coğrafi, həm də strateji mövqeyi, zəngin təbii ehtiyatı ilə fərqlənən Bakı geniş inqilabi məkanın 4-5 iri mərkəzindən biri hesab edilirdi. Sovet rejiminin qurulmasında mühüm rol oynamış partiya liderlərinin (əsasən qeyri-azərbaycanlı) əksəriyyəti Bakı mühitindən qaynaqlanmışdı. Moskva siyasətində Bakı Qafqazın inqilabi, Yaxın Şərq üçün siyasi mərkəz statusunda idi.
Lenin deyirdi: “Bakını almaq bizə olduqca və olduqca zəruridir. Bütün səyinizi buna verin”.
İstiqlaliyyətinin de-fakto tanındığı Azərbaycan xaricdən gözlənilən yeganə ciddi təhlükəni bolşevik təcavüzündə hiss edirdi. 26 aprel 1920-ci il tarixində XI Qırmızı Ordu hissələri AXC sərhədlərini keçərək Yalama sərhədinə çatdı.
XI Ordu komandanı Levandovski və digər hərbçilər hərəkətlərində tam qətiyyətli idilər. Aprelin 27-nə keçən gecə Yalama stansiyasında iki saatlıq döyüş Azərbaycan hərbçilərinin məğlubiyyəti ilə nəticələndi. “Üçüncü İnternasional” zirehli qatarı Biləcəri stansiyasına çatanda Azərbaycan hökuməti öz qoşunlarının acı məğlubiyyətindən xəbər tutdu. H.Sultanov AK(b)P Bakı Bürosu və Mərkəzi Fəhlə Konfransı adından Azərbaycan parlamentinə hakimiyyəti təslim etmək haqqında ultimatum verdi. Azərbaycan parlamenti fakt qarşısında qalaraq reallıqla barışmağa məcbur oldu. Müstəqilliyi beynəlxalq səviyyədə tanınmış Azərbaycan Xalq Cümhuriyyəti 28 aprel 1920-ci ildə birbaşa hərbi təcavüz nəticəsində süqut etdi.
XI Qırmızı Ordu hissələri Bakı şəhərinə daxil oldu. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu.
Azərbaycan yenidən Rusiya tərəfindən işğal olundu...