Oruc Şərvətov Həmdulla oğlu,
Lənkaran şəhər Qrumba kənd ərazi icra nümayəndəsi Azərbaycan xalqı uzun illərdən bəri əsarətində olduğu imperiya zəncirini qıraraq dövlət müstəqilliyini bərpa etməklə tarixi qələbə qazandı və məhz o zamandan ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında yeni bir dövr başlandı. Tarix dəfələrlə sübut etmişdir ki, millətin tale məsələsi olan dövlət müstəqilliyini qoruyub saxlamaq onu əldə etmək qədər çətindir.
Tanrı hər iki neməti Azərbaycan xalqına “Mən həyatımda üç şeyə: Yaradanıma, zəhmətimə və bir də xalqıma arxalanmışam” deyən, otuz ildən artıq bir müddət ərzində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran, hələ sağlığında ikən canlı əfsanəyə çevrilən Heydər Əliyevin əli ilə bağışlamışdır. 1993-cü ildə ”Olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan dövlətçiliyi və xalqı Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dövrün diktəsi idi.
Bəli, 1993-cü ilin iyununda Azərbaycan xalqı dövlətin idarə olunmasını Heydər Əliyevə etibar edəndə, bu dövlətin taleyi Tanrının ümidinə qalmışdı. Ölkədə hakimiyyətsizlik, hərc-mərclik baş alıb gedirdi. Heydər Əliyev özü o dövr haqqında deyirdi: “1993-cü ilin iyunundan başlayaraq, ilk növbədə, hakimiyyət boşluğu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış separatçı qüvvələr və parçalanma meyilləri sağlam düşüncəli vətəndaşların, xalqın böyük əksəriyyətinin fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr ləğv edilməyə başlandı, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi və cəzalandırıldı. Dövlət qurumları ilə xalqın birliyi, yekdilliyi təmin edildi, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarda dövlətə və Vətənə mənsubluq hissləri aşılanmağa başlandı”.
Məhz Heydər Əliyevin qayıdışı ilə Azərbaycan xalqında ruh yüksəkliyi, öz gələcəyinə inam yarandı və Heydər Əliyev ölkəyə milli dövlətçilik yaratmağın mümkün olması barədə yeni stimul verdi, zaman-zaman Azərbaycanın başı üstündə dolaşan qara buludlar dağılmağa başladı, Azərbaycan parçalanma təhlükəsindən xilas oldu. Nəzərə alsaq ki, milli azadlığa gedən yol məhz milli oyanışdan, milli dirçəlişdən, milli ruhun canlanmasından keçir, onda Heydər Əliyevin gəlişinin nə demək olduğunu açıqlamağa ehtiyac qalmır.
Milli-mənəvi və bəşəri dəyərlərin ən ali prinsiplərini ardıcıllıqla zənginləşdirən ümummilli liderimizin Azərbaycan xalqı qarşısında xidmətləri ölçüyəgəlməzdir. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ölkədə ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda sanballı nailiyyətlər qazanıldı.
Bütün Azərbaycan vətəndaşları yeni əsrin başlanğıcında belə bir həqiqəti tam dərk etmişlər ki, ölkəmizdə milli tərəqqinin 30 ildən artıq bir mərhələsi milli mənafeyi hər şeydən uca tutan zəmanəmizin böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.
Təbiət Heydər Əliyevə müdriklik, aqillik, qətiyyət, əyilməzlik, yenilməzlik, mübarizlik, alicənablıq, nadir iş qabiliyyəti, natiqlik istedadı, özünün haqlı olduğuna əminlik, ətrafındakı adamların məziyyətlərini və imkanlarını müəyyənləşdirmək bacarığı, fenomenal və ensiklopedik yaddaş, universal bilik kimi keyfiyyətlər bəxş etmişdir. Müasir, müstəqil Azərbaycan dövlətinin təməl daşını qranitdən yapan Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun qismətinə düşmüş Tanrı payıdır. Uzun illər keçəcək, lakin milli özünüdərki sovet ideoloji sisteminin buxovlarından çox məharətlə xilas edən Heydər Əliyev bir şəxsiyyət kimi sirr olaraq qalacaqdır.
Heydər Əliyevin yaratdığı fəlsəfi konsepsiyanın qayəsi Azərbaycanın müasir dünyada yerini və gələcəyini müəyyənləşdirməkdən ibarətdir. Mayası vətən və xalq sevgisindən yoğrulan, xalqının yolunda çəkdiyi əzab-əziyyəti sevgi ilə qarşılayan, dünyanı özünə heyran qoyan Heydər Əliyevlə - Tanrının xalqımıza verdiyi bu nadir şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə bütün dünyanın, amma öncə və daha çox bizim, biz azərbaycanlıların haqqı vardır. Çünki Heydər Əliyev, hər şeydən öncə, bizimdir, öz əlləri ilə qurub-yaratdığı doğma Azərbaycanımızındır.
Hamımızın gördüyümüz, amma hamımızın eyni cür duya və dərk edə bilmədiyimiz Heydər Əliyev bütün dünya azərbaycanlılarının – 50 milyonun ömrünü yaşayan, ömrü xalqının olan, canından əziz bildiyi müqəddəs ata yurdunu müstəqilliyə qovuşduran müqayisəyəgəlməz bir şəxsiyyətdir, mənalı yaşamaq nümunəsi, mədəniyyət, intellekt mücəssəməsidir, idarəçilik və siyasət məktəbidir. Odur ki, milli sərvətimiz olan Heydər Əliyev irsini öyrənmək, onu gələcək nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur.
Tanrının qüdrətindən pay olan Heydər Əliyevin xalqı, Vətəni qarşısında gördüyü işlərdən, göstərdiyi xidmətlərdən yaşadığı ömür qədər danışılsa belə, yetərli olmayacaqdır. Amma hesab edirik ki, Amerika siyasətində, bütövlükdə dünya siyasətində xüsusi yeri və çəkisi olan ABŞ Dövlət katibinin o zamankı birinci müavini Riçard Armitacın Heydər Əliyevin vəfatı ilə bağlı dediklərini xatırlatmaq yerinə düşərdi: “Heydər Əliyevin ölümü ilə dünya bir qədər də kiçildi”. Bəli, Heydər Əliyev yüz ildə, min ildə bir dəfə yetişən şəxsiyyətdir və küreyi-ərz onun köksündə nəfəs alan milyardların yox, məhz Heydər Əliyev kimi nadirlərin və siyasət nəhənglərinin çiyinləri üstündə qurulmuşdur.
1993-cü ildən 2003-cü ilə kimi ölkəmizdə hüquqi islahatların, demokratik dəyişikliklərin gerçəkləşdirilməsi Heydər Əliyevin misilsiz xidmətləri, gördüyü böyük işlər sayəsində mümkün olmuşdur.
Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Heydər Əliyevin başçılığı ilə hazırlanmış yeni Konstitusiyamız və demokratik əsaslarla seçilmiş ilk parlamentimiz Azərbaycanın müasir tarixində tamamilə yeni səciyyəli bir mərhələnin başlanğıcı olmuşdur. Bu illər ərzində Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyətinin təmin edilməsi məqsədilə xeyli tədbirlər həyata keçirilmişdir.
Hüquq islahatları sahəsində çox önəmli sənədlərdən biri Heydər Əliyevin 1996-cı il iyun ayının 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması da ulu öndərimizin tarixi xidmətlərindəndir.
1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin il Azərbaycanın ilk Milli Məclisi seçildi, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.
Heydər Əliyev milli qanunvericiliyimizin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq müzakirəsinə çıxardı. Fərmanda bildirilirdi ki, bu addım respublikamızın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir.
Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri hazırlandı.
Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması, bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublikamıza çox böyük fayda verir.
Respublikamızın beynəlxalq miqyasda əldə etdiyi mühüm nailiyyətlərdən biri də Avropa Şurası Parlament Assambleyasının 2003-cü ilin yanvar sessiyasında Milli Məclisin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin yekdilliklə bu mötəbər qurumun vitse-prezidenti və Büro üzvü seçilməsi olmuşdur. Heydər Əliyev ocağının layiqli yetirməsi İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında uğurlu və səmərəli fəaliyyət göstərmişdir. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsidir ki, təşkilat ilk Avropa qurumu kimi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etmişdir.
Azərbaycanın dünya miqyasında tanınması, hər şeydən əvvəl, ümummilli lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Heydər Əliyevin tarixi xidmətidir və Heydər Əliyev bununla ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, “Əsrin müqaviləsi” ilə Qərbi öz tərəfinə çəkə bildi və Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır.
Ümumiyyətlə, Azərbaycan həyatının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyev əməyinin, Heydər Əliyev zəkasının izi olmasın. Bu əməyin, bu irsin qədrini bilməli, onu göz bəbəyi kimi qorumalı və gələcək nəsillərə ötürməliyik.
Milli təhsilimizin dirçəlişi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə ölkəmizdə elm və təhsilin inkişafı üçün zəruri elmi baza yaradılmış, insanların təhsil hüququ, icbari ümumi orta təhsil, istedadlı uşaq və gənclərin aşkara çıxarılaraq onların potensial imkanlarının inkişaf etdirilməsi və səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılması Konstitusiya səviyyəsində təsbit olunmuşdur.
Təhsilimiz öz inkişafının ən mühüm mərhələsinə “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ilə daxil olmuşdur ki, o da ulu öndərimizin sərəncamı ilə təsdiq edilmişdir. Bilavasitə təhsil sahəsinə aid ”Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”, “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, ”Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”, “Milli-mənəvi dəyərlərin qorunması haqqında”, ”Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” və s. onlarla tarixi fərman və sərəncamlar ulu öndərin adı ilə bağlıdır.
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursu, Heydər Əliyev siyasəti, Heydər Əliyev fəlsəfəsi, Heydər Əliyev ideologiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük əzm və səbrlə davam etdirilir. Heydər Əliyev kimi siyasət və idarəçilik korifeyindən sonra ölkənin idarə edilməsi nə qədər çətin görünsə də, Prezident İlham Əliyev bu işin öhdəsindən layiqincə gəldi. Yüz minlərlə yeni iş yerlərinin yaradılması, regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun minimuma endirilməsi və yaşayış səviyyəsinin yüksəldilməsi, elm, təhsil, mədəniyyət və səhiyyənin inkişafına dövlət qayğısının gücləndirilməsi, Azərbaycanın enerji idxal edən ölkədən enerji ixrac edən ölkəyə çevrilməsi, gənclərin sağlam və hərtərəfli inkişafı üçün hər cür şəraitin yaradılması, insan hüquq və azadlıqlarının qorunmasının əsas məqsədlərdən biri olması, respublikamızın ərzaq təhlükəsizliyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, balanslaşdırılmış xarici siyasət kursu, hərbi qüdrətin artırılması, ərazi bütövlüyünün bərpası üçün bütün imkanların səfərbər olunması istiqamətində görülən işlər, o sıradan tarixi Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərlərinin həyata vəsiqə alması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisinə start verilməsi keçən illər ərzində möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətinin ana xəttini təşkil etmişdir. Bütün bunların nəticəsidir ki, Avropa məkanına inteqrasiya olunan Azərbaycan indi onun enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından birinə çevrilməkdədir.
Son illər iqtisadiyyatın dinamik inkişafı təhsilin inkişafı üçün də əlverişli şərait yaratmış, təhsil sistemində irimiqyaslı islahatlar prosesi dönməz xarakter almışdır. Hazırda Azərbaycan təhsili özünün yeni inkişaf dövrünə qədəm qoymuş, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində xeyli nailiyyətlər əldə edilmişdir. Keçən dövr ərzində təkcə təhsillə bağlı on dörd Dövlət Proqramı təsdiq edilmiş, onlarla fərman və sərəncam imzalanmışdır. Bilavasitə təlimin keyfiyyətinə, maddi potensialın insan kapitalına çevrilməsinə yönəlik “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)”, ”Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” da bu sırada dayanan proqramlardandır.
Biz təhsil işçiləri yaxşı başa düşürük ki, məktəblərin kompyuterlə təminatı adi bir iş deyil, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiya olunması deməkdir, vahid təhsil informasiya məkanının yaradılması deməkdir, təhsil sisteminin səmərəli idarə olunmasının təmin olunması deməkdir, təhsil sisteminin informasiya infrastrukturunun yaradılması deməkdir, informasiya cəmiyyətinin formalaşmasına doğru atılan addım deməkdir. Məktəblərin İKT ilə təminatının əhəmiyyəti barədə ölkə Prezidenti demişdir: “İndi kompyuterləşmə proqramı həyata keçirilir. Bütün məktəblərdə kompyuter sinifləri yaradılacaqdır və əminəm ki, təsil sahəsində ciddi irəliləyiş olacaqdır. Qarşıya belə bir vəzifə qoyulubdur ki, bütün məktəblərdə kompyuter sinifləri yaradılsın və uşaqlar bilavasitə internetə çıxış əldə etsinlər, dünyada gedən proseslərlə tanış olsunlar. Azərbaycan dünya birliyinə inteqrasiya siyasətini aparır və dünyada gedən bütün hadisələr, yeniliklər, yaranan yeni texnologiyalar - bunların hamısı internet, kompyuter vasitəsilə bizim uşaqlarımızın ixtiyarında olmalıdır”.
2005-2007-ci illəri əhatə edən proqram artıq başa çatmışdır. Proqrama əsasən 2005-2007-ci illərdə 3693 məktəb 31677 kompyuter dəsti almış, 1722 kompyuter sinfi yaradılmış, beləliklə, V-XI siniflərdə hər 29 şagirdə bir kompyuter nisbəti təmin edilmişdir. Nəzərə alsaq ki, 2004-cü ilə qədər ölkəmizin ümumtəhsil məktəblərində təxminən hər min şagirdə bir kompyuter düşürdü, o zaman bu sahədə görülən işlərin miqyasını açıqlamağa ehtiyac qalmır. Başlanmış işlərin davam etdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyevin tapşırığı ilə “Təhsil siteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı (2008-2012-ci illər)” hazırlanmış və Prezidentin 2008-ci il 10 iyun tarixli sərəncamı ilə təsdiq edilmişdir. Proqramda təhsil sisteminin bütün pillələrinin şəbəkə infrastrukturunun inkişafı və sürətli internetlə təmin olunması; təhsil sisteminin bütün pillələrində İKT-nin inteqrasiyasını təmin etmək üçün metodiki, texniki və digər növ xidmətləri göstərmək məqsədilə məlumat və resurs mərkəzləri şəbəkəsinin yaradılması; pedaqoji, inzibati və texniki heyətə İKT-dən istifadə bacarıqlarının aşılanması; innovativ və yaradıcı müəllimlər üçün qiymətləndirmə və motivasiya sisteminin yaradılması; bütün fənlər üzrə müasir elektron elmi-metodik vəsaitlər kompleksinin işlənməsi və elektron tədris resursları bazasının yaradılması; təhsil sisteminin effektiv idarə olunması və monitorinqi üçün təhsilin idarəolunmasının məlumat sistemlərinin inkişaf etdirilməsi; cəmiyyətin təhsil sistemində mövcud proseslərə cəlb edilməsi və maarifləndirilməsi üçün vahid təhsil portalının hazırlanması; məktəbəqədər, texniki-peşə və orta ixtisas təhsil müəssisələrinin müasir İKT ilə təmin olunması; təhsildə innovasiyaları dəstəkləmək və gücləndirmək məqsədilə ”elektron məktəb” pilot layihələrinin həyata keçirlməsi və digər məsələlər nəzərdə tutulmuşdur.
“Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın əsas məqsədi, proqramda deyildiyi kimi, respublikanın ümumtəhsil müəssisələrində mövcud olan istedad potensialını vaxtında müəyyənləşdirib onun inkişafını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirməkdən, ölkə ictimaiyyətinin diqqətini bu vacib məsələnin həllində yaxından iştiraka yönəltməkdən, istedadlı uşaq və gənclərin inkişafına dövlət qayğısını gücləndirməkdən ibarətdir. Proqramda ”istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının optimal yollarının müəyyənləşdirilməsi, respublikanın hər bir bölgəsində istedadlı uşaq və gənclər üçün yeni tipli təhsil müəssisələrinin açılmasına nail olunması, hazırda fəaliyyət göstərən yeni tipli təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi üçün lazımi tədbirlər həyata keçirilməsi, istedadlı uşaq və gənclərlə iş sahəsində xarici ölkələrdə mövcud olan qabaqcıl təcrübənin öyrənilib tətbiq edilməsi, yeni tipli tədris ocaqları üçün müasir tələblərə cavab verən normativ-hüquqi bazanın yaradılması, istedadlı uşaq və gənclər, habelə onlarla işləyən pedaqoji işçilər üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi, istedadlı uşaq və gənclərlə iş sahəsində müasir tələblərə uyğun səmərəli fəaliyyət mexanizminin yaradılması” kimi konkret vəzifələr öz əksini tapmışdır.
İstedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların potensial imkanlarının inkişaf etdirilməsi hələ ulu öndər Heydər Əliyev dövründən – ötən əsrin 70-ci illərindən etibarən diqqət mərkəzində olmuşdur. “Təhsil millətin gələcəyidir”, ”Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır”, “Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir” deyən ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-82-ci illər ərzində respublikamızdan kənarda - o zamankı SSRİ-nin qabaqcıl elm, təhsil və mədəniyyət mərkəzlərində təhsil alan azərbaycanlı balalarının sayı 42-dən 1247 nəfərə çatdırılmışdır. Həmin azərbaycanlılardır ki, bu gün Azərbaycan dövlətinin və dövlətçiliyinin yükünü öz çiyinləri üstündə daşıyırlar.
Müasir dünyanın təcrübəsi göstərir ki, ölkələrin inkişaf səviyyəsi təbii resursların miqdarından və istehsalın həcmindən daha çox insan kapitalından asılıdır. Dünya Bankının apardığı tədqiqatların son nəticələrinə görə, ABŞ-da milli sərvətin 76 faizini insan kapitalı, 19 faizini istehsal, yalnız 5 faizini təbii resurslar təşkil edir. Avropada da təqribən eyni mənzərədir: insan kapitalı – 74 faiz, istehsal – 24 faiz, təbii resurslar – 2 faiz. Bütün bunlar onu göstərir ki, təhsil cəmiyyətin inkişafının təməl daşıdır. Çünki intellektual potensialın reallaşdırılması, mütəxəssislərin, peşəkar kadrların yetişdirilməsi təhsildən keçir. Bu səbəbdən son illər Azərbaycanda istedadlı uşaq və gənclərin səmərəli təhsil almasını təmin etmək məqsədilə yeni tipli tədris müəssisələrinin şəbəkəsi xeyli genişlənmiş, lisey və gimnaziyalarda təhsilin məzmununun müasir tələblərə uyğunlaşdırılması məqsədilə yeni tədris plan və proqramları hazırlanaraq tətbiq edilməyə başlanmış, pedaqoji kadr heyətinin tərkibi xeyli yaxşılaşdırılmışdır.
Hesab edirik ki, son illər ölkənin birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın istedadlı uşaq və gənclərin üzə çıxarılması sahəsində gördüyü misilsiz işlər hər bir təhsil müəssisəsi üçün, hər bir təhsil işçisi üçün örnək olmalıdır.
Hazırda dünya intellekt dünyasıdır və bu dünyada layiqli yer tutmağımızın yolu insan kapitalından keçir ki, bunun da konturları ölkə Prezidenti tərəfindən zərgər dəqiqliyi ilə cızılmışdır.
Möhtərəm Prezidentimizin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təhsil sahəsində ölkəmizin beynəlxalq əlaqələrinin daha da genişlənməsi üçün əlverişli şərait yaratmışdır. Heç şübhəsiz ki, bu tarixi sənəd yüksək hazırlıqlı mütəxəssislərin hazırlanmasında həlledici rol oynayacaqdır. Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin ümumi sayının 5000 nəfərə çatdırılması nəzərdə tutulmuşdur ki, bu da ölkəmizin nadir ixtisas sahibi olan kadrlarla təminatında tarixi bir hadisə olacaqdır. Bu ölkələr arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, Cənubi Koreya, İsveç kimi inkişaf etmiş ölkələrin adları vardır. Hazırda xarici ölkələrdə müxtəlif təhsil pillələri üzrə dövlət hesabına 1000-dən çox azərbaycanlı gənc təhsil alır.
“Məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)” çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəbəqədər təhsil xidmətlərinin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatan olması, kadr təminatının yaxşılaşdırılması, bütövlükdə məktəbəqədər təhsilin ictimai statusunun yüksəldilməsi istiqamətində də xeyli işlər görülmüş, dünya təcrübəsinə uyğun olaraq 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlb edilməsi nəzərdə tutulmuşdur.
Son illərin əhəmiyyətli hadisələrindən biri də Heydər Əliyev Fondunun prezidenti millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Dünyada savadlılığın dəstəklənməsi” mövzusunda YUNESKO-nun regional konfransının keçirilməsi olmuşdur. Bakı şəhərində keçirilən konfransda dünyanın 30 ölkəsindən təhsillə bağlı nüfuzlu ekspertlər iştirak etmiş, dünyada ”savadlılıq” problemi geniş müzakirə olunmuşdur.
Müstəqil Azərbaycan Respublikasında həyatın müxtəlif sahələrində aparılan islahatlar içərisində latın qrafikalı Azərbaycan əlifbasının bərpa edilməsi və Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi çox mühüm tarixi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlər qısa müddət ərzində yenidən latın qrafikalı yeni əlifba ilə nəşr edilərək ödənişsiz şəkildə ölkə kitabxanalarına, o sıradan məktəb kitabxanalarına verildi. Azərbaycan MDB məkanında yeganə ölkədir ki, bütün şagirdlərin dərsliklərlə, məktəblərin bədii ədəbiyyatla pulsuz təmin edilməsi məsələsini tamamilə həll etmişdir. Həmin siyasət bu gün də uğurla davam etdirilir.
İndi respublikamızda məktəb tikintisi sahəsində görülən işləri dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə etmək olar. Təkcə son bir neçə il ərzində istər büdcə vəsaiti hesabına, istərsə də Heydər Əliyev Fondu xətti ilə respublikamızda yüzlərlə yeni məktəb binası tikilmiş, mövcud məktəblər əsaslı təmir olunmuş, ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Hazırda təlim-tərbiyə müəssisələrinin, xüsusilə ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdirilir.
Hesab edirik ki, təlim-tərbiyə müəssisələrinin, o sıradan orta ümumtəhsil məktəblərinin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində Heydər Əliyev Fondunun əvəzsiz xidmətləri xüsusi qeyd edilməlidir.
Bu gün Azərbaycan təhsil sektorunda islahatın əsas məqsədi məktəbəqədər, orta ümumtəhsil, orta peşə-ixtisas, ali, ali təhsildən sonrakı təhsil pillələrində toplanmış potensialı inkişaf etdirərək, təhsil sitemini tənzimləyən yeni normativ-hüquqi bazanı yaratmaq, siyasi, iqtisadi və sosial həyatın demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirməkdən ibarətdir ki, bu istiqamətdə də işlər davam etdirilir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin “Müasir dünyada hər şeyi bilik, savad, təhsil həll edir” məfkurəli dövlət təhsil siyasətinin uğurla həyata keçirilməsi üçün biz təhsil işçiləri daha əzmlə çalışmalı, üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməli, əməli işimizlə Prezidentimizə dəstək olmalıyıq.