![]()
Qurban bayramı əsrlərin dərinliklərindən süzülərək bu günümüzə qədər gəlib çıxmış müqəddəs bir mənəviyyat mərasimidir. Bu bayram insanlığın Allah qarşısında itaətini, könüllü fədakarlığını, paylaşmaq və mərhəmət duyğularını əks etdirən ən ali dini hadisələrdən biridir. Bu günlərdə insanlar bir-birlərinə daha yaxın olur, ehtiyac sahibləri unudulmur, şəhid ailələri və qazilər xüsusi diqqət və qayğı ilə yad edilir.
Məhz bu dəyərlərə sadiqliyi ilə seçilən, hər zaman vətənpərvərliyi, insanlara olan doğma münasibəti və ictimai fəaliyyəti ilə tanınan Daşkəsən rayon Quşçu kənd bələdiyyəsinin sədri Etibar Alıyev üçün Qurban bayramı sadəcə dini ibadətlərin həyata keçirilməsi ilə məhdudlaşmır. O, bu bayramı insanların bir-birinə mənəvi dayaq olduğu, cəmiyyətin birlik və mərhəmət ətrafında sıx birləşdiyi günlər kimi dəyərləndirir.
Etibar Alıyev bu müqəddəs günlərdə kənddə yaşayan şəhid ailələrini və qaziləri şəxsən ziyarət edərək onların halını soruşur, problemlərinə biganə qalmır, daim onların yanında olduğunu göstərir. O inanır ki, şəhid ailələrinə və qazilərimizə göstərilən qayğı həm bir vətəndaşlıq borcu, həm də ruhani məsuliyyətdir. Bayram günlərində kənddə ehtiyac içində olan ailələrin də diqqət mərkəzində saxlanılması, qurban paylarının bu ailələrə çatdırılması üçün xüsusi təşəbbüslərlə çıxış edir.
Etibar müəllim, eyni zamanda, rəhbərlik etdiyi bələdiyyənin işində də bu bayram ruhunu hiss etdirir. Onun təşəbbüsü ilə kənddə abadlıq işləri, sosial layihələr, əhalinin rifahını yüksəltməyə yönəlik addımlar ardıcıl şəkildə həyata keçirilir. Yaşayış məntəqəsinin yol və içməli su problemlərinin həlli, bələdiyyə ərazilərinin təmiz saxlanılması, yaşıl zonaların genişləndirilməsi və kənd sakinlərinin sosial ehtiyaclarının ödənilməsi istiqamətində mühüm işlər görülür.
Xüsusilə də gənclərlə, kəndin yaşlı sakinləri ilə mütəmadi təmasda olan Etibar Alıyev milli-mənəvi dəyərlərin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi üçün maarifləndirmə işlərinə də xüsusi önəm verir. O bildirir ki, Qurban bayramı yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə ümid və inamla baxmağın nümunəsidir.
Etibar Alıyev bu bayram münasibətilə bütün Azərbaycan xalqını, xüsusilə də Daşkəsən rayonunun fədakar insanlarını, Quşçu kəndinin əziz sakinlərini səmimi qəlbdən təbrik edir. O, hər bir ailəyə bərəkət, sevinc, ruzi, və ən əsası - firavan gələcək arzulayır.
Qoy bu Qurban bayramı hər bir azərbaycanlının qəlbinə ümid, evinə ruzi, cəmiyyətimizə birlik və bərabərlik gətirsin!