Müasir tibb elminin inkişafında beynəlxalq təcrübənin və yüksək ixtisaslaşmanın əhəmiyyəti danılmazdır. Bu baxımdan, Dr. Cavid Əhmədov Azərbaycanın səhiyyə sahəsində beynəlxalq təhsili, zəngin iş təcrübəsi və peşəkar yanaşması ilə seçilən tanınmış invaziv radioloqlardan biridir.
Təhsil və Peşəkar Hazırlıq
Dr. Cavid Əhmədov 2006-cı ildə Bakı şəhəri Nərimanov rayonundakı 193 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirərək gənc yaşlarından akademik uğurları ilə seçilməyə başlayıb. Elə həmin il Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə qəbul olunub. Qısa müddət sonra, 2006-2009-cu illərdə təhsilini İstanbul Universitetinin nüfuzlu Cerrahpaşa Tibb Fakültəsində davam etdirib.
O, 2010-cu ildə Prezident tərəfindən təsdiqlənmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dəstəklənən tələbələrdən biri olaraq, həmin universitetdə təhsilini uğurla davam etdirib və 2013-cü ildə Cerrahpaşa Tibb Fakültəsini müvəffəqiyyətlə bitirib.
2013-cü ilin aprelində o, “Tıpta Uzmanlık Sınavı” (TUS) imtahanında yüksək nəticə göstərərək Türkiyənin aparıcı ali tibb müəssisələrindən olan Hacettepe Universitetinin radiologiya bölümünə qəbul olunub. Elə həmin il bir daha “Dövlət Proqramı” çərçivəsində xaricdə ixtisaslaşmağa layiq görülüb. 2013-2018-ci illər ərzində Hacettepe Universitetində invaziv radiologiya üzrə ixtisasartırma təhsilini davam etdirib.
İxtisası və Klinik Fəaliyyəti
Dr. Cavid Əhmədovun əsas ixtisas sahəsi invaziv radiologiya olmaqla, o, müasir tibbin ən mürəkkəb və yüksək dəqiqlik tələb edən metodları ilə işləyir. Onun fəaliyyəti müxtəlif şiş proseslərinin, damar tıxanıqlığının, travmatik hallar və digər kompleks kliniki vəziyyətlərin diaqnostikası və minimal invaziv üsullarla müalicəsini əhatə edir.
Ənənəvi açıq əməliyyatlara alternativ olaraq tətbiq olunan bu metodlar vasitəsilə xəstələrin sağalma müddəti qısalır, əməliyyat riski azalır və həyat keyfiyyəti artır. Dr. Cavid Əhmədov damar girişləri, biopsiyalar, drenajlar və şiş ablasiyası kimi prosedurlarda mükəmməl təcrübəyə malikdir.
O, həmçinin müasir tibb texnologiyalarına tam bələd olaraq, ultrasəs, KT və MRT cihazlarından istifadə ilə yüksək dəqiqliklə işləyir. Hal-hazırda Bakı Sağlamlıq Mərkəzində invaziv radioloq kimi fəaliyyətini davam etdirir.
Vətəndaşlara və Sosial Həssas Qruplara Dəstək
Dr. Cavid Əhmədov təkcə peşəkar həkim kimi deyil, həm də yüksək mənəvi dəyərlərə sahib bir vətəndaş kimi tanınır. O, daim şəhid ailələri, qazilər və aztəminatlı xəstələr üçün xüsusi yanaşma və dəstək nümayiş etdirir. Onun təşəbbüsü və iştirakı ilə bir çox şəhid ailəsinin üzvlərinə və müharibə veteranlarına pulsuz tibbi müayinələr təşkil olunmuş, onların tibbi yardıma çıxışı asanlaşdırılmışdır.
Cavid həkim, öz həkimlik borcunu yalnız tibbi baxımdan deyil, vətəndaşlıq məsuliyyəti prizmasından da yerinə yetirir. Bu yanaşma onu həm tibb ictimaiyyəti arasında, həm də pasiyentlər arasında hörmətə layiq bir şəxsiyyətə çevirir.
Elmi Maraqları və Gələcəyə Baxış
Elmi axtarışlara, beynəlxalq konfranslarda iştirak etməyə və daim yenilənməyə maraq göstərən Dr. Cavid Əhmədov gələcəkdə Azərbaycanda invaziv radiologiyanın daha da inkişaf etdirilməsi, bu sahədə müasir metodların geniş tətbiqi və yerli mütəxəssislərin beynəlxalq standartlara uyğun tədris edilməsi istiqamətində töhfələr verməyi qarşısına məqsəd qoyub.